Sarğı (tibb)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sarğı materialı

Sarğı materialı və ondan istifadə etmək qaydalarıYaranın üstünü örtmək üçün işlədilən parça materiallarıdır. Reanimatologiyailk tibbi yardım da daxil müxtəlif sahələrdə tətbiq edilir. Sarğı materialı hiqroskopik (yaxşı nəmçəkən) olmalı, yəni yaradakı qanı və irini hopdurmalı, tez qorumaq və asanlıqla sterilləşmək xassələrinə malik olmalıdır. Əsas sarğı materialları tənzifdən, ağ pambıqdan, liqnindən (ağac pambığı), ləçəkdən (üçbucaq formalı pambıq parçadan) ibarətdir. Tənzifdən istifadə edilməklə tabel sarğı vasitələri hazırlanır. Bunlar fərdi sarğı paketləri, müxtəlif ölçülü steril və qeyri-steril bintlər, böyük və kiçik steril salfetlər və steril sarğılardır. Bunlardan başqa, xəstəxanaların cərrahiyyə və sarğı şöbələrində tənzifdən və ya kiçik salfetlərdən tənzif kürəciklər, tamponlar, yastıqçalar, tənzif dolaqları düzəldilir ki, bunlardan da sarğı qoyarkən və cərrahiyyə əməliyyatları zamanı istifadə edilir[1].

Sarğıların növləri, onların qoyulması qaydaları

[redaktə | mənbəni redaktə et]

Yaraların yoluxmasının və ağırlaşmasının qarşısını almaq üçün görülən ilk profilaktik tədbir onlara mümkün qədər tez aseptik sarğı qoymaqdır.

Bütün yaralara steril (mikrobsuz, təmiz) sarğı qoyulur. Sarğı yaranın üstünü sarıyıb-örtən sarğı materialından ibarətdir. Yaranın sarınması prosesinə sarğı qoymaq deyilir. Sarğı, yaraya mikrob düşməsinin qarşısını alır, qanaxmanın dayanmasına kömək edir, ağrıları azaldır. Sarğı iki hissədən: yaraya toxunan daxili hissədən və sarğıya bərkidib onu yaranın üstündə saxlayan xarici hissədən ibarət olur. Sarğılar yumşaq (tənzif, parça, sintetik material sarğılar), bərkiyən (gips, nişasta sarğılar), sərt (müxtəlif materiallardan hazırlanmış şin sarğılar), sıxıcı sarğılar, yapışqan sarğılar və digər növləri olur. Yumşaq sarğılar yarada bərkidilməsi üsuluna görə bint sarğılar, ləçək sarğılar, sapandvan sarğılar və s. növlərə ayrılır. Birinci dəfə qoyulan sarğı ilk steril sarğı adlanır. Yaraya steril sarğı qoyarkən nəzərə almaq lazımdır ki, hətta ən kiçik yara belə, zədələnmiş adamın həyatı üçün təhlükə törədir, çünki o, cürbəcür mikroblarla yoluxma mənbəyinə çevrilə bilər. İlk sarğı qoymazdan əvvəl, yaranı çirkləndirmədən və yaralıya əlavə əziyyət vermədən, yara yerini açmaq lazımdır. Yaranın xarakterindən, havadan və yerli şəraitdən asılı olaraq üst paltarları ya soyundurulur, ya da tikiş yeri ilə kəsib çıxarılır. Paltarı əvvəlcə sağlam sonra isə zədələnmiş ətraflardan (qol və qıçlardan) çıxarırlar. İlin soyuq vaxtında soyuqlamanın, qarşısını almaq məqsədilə, habelə təcili surətdə ilk yardım göstərilən hallarda ağır yaralıların paltarlarını yara yerinin ətrafında kəsirlər. Yaraya yapışmış paltarı dartıb qoparmaq olmaz; belə paltarı yaranın kənarı boyu ehtiyatla qayçılamaq, sonra isə sarğı qoymaq lazımdır. Çıxarılmış paltarı əks ardıcıllıqla, yəni əvvəlcə yaralı, sonra isə sağlam ətraflara geydirirlər. Sarğı qoyarkən çalışmaq lazımdır ki, bu, yaralıda əlavə ağrı törətməsin. Bədənin sarğı qoyulan hissəsi tərpənməz halda olmalıdır. Yaranın üzərinə əvvəlcə steril tənzif, sonra isə pambıq qoyurlar. Binti sağ əldə saxlamaq, sol əllə sarğını tutmaq və bintin dolaqlarını düzəldib hamarlamaq lazımdır. Bintin yumağını sarğı yerindən uzaqlaşdırmadan, binti soldan sağa doğru elə sarıyırlar ki, onun hər qatı (dolağı) əvvəlki qatın eni boyunca yarısını əhatə etsin (ikinci qatdan başqa; sarğı sürüşməsin deyə, adətən, ikinci qatı birinci qatın üstundən dolayırlar). Dolaqlar arasında boşluq qalmamalıdır. Sıxıcı sarğı tələb olunmayan hallarda binti çox bərk dartar ki, qan dövranı pozulmasın, lakin elə bərkidirlər ki, sarğı boşalıb özü-özünə açılmasın. Əl və ayaqları onların uclarından başlayaraq sarıyırlar, bu zaman barmaqların ucları açıq qalmalıdır. Sarğının son dolağını təhlükəsiz sancaqla (ingilis sancağı) bərkidir və ya bintin ucunu ortadan iki hissəyə bölərək düyünləyirlər. Düyün yaranın üstünə düşməməlidir[1].

Sarğı

Aseptika və antiseptika haqqında anlayış

[redaktə | mənbəni redaktə et]

Yaraların mikroblarla çirklənmədən qorunmasında və yoluxub ağırlaşmasının qarşısının alınmasında aseptika və antiseptika çox vacib əhəmiyyətə malikdir.

Aseptika cərrahiyyə əməliyyatları, sarğıqoyma zamanı, elecə də müalicə işləri yerinə yetirilərkən yaralı və ya xəstənin yarasına, toxumalarına, orqanizminə infeksiya törədicilərinin düşməsinin qarşısını almağa yönəldilən tədbirlərə deyilir. Mikroblardan tamamilə təmizlənmiş materiallara, alətlərə, sarğı vasitələrinə steril əşyalar deyilir. Bu əşyalardakı hər cür mikrobların məhv edilməsi prosesi isə sterilizasiya adlanır. Buna, əsasən, fiziki üsulla nail olunur[1].

Antiseptika isə yaradakı, toxumalardakı və ya bütünlüklə orqanizmdəki mikrobların məhv edilməsinə yönəldilmiş müalicə-profilaktik tədbirləridir. Bu tədbirlər kimyəvi və bioloji üsullarla yerinə yetirilir. Mikroblara məhvedici təsir göstərən çoxlu kimyəvi maddələrdərmanlar, habelə bioloji preparatlar mövcuddur. Belə maddələr antiseptik maddə adlanır. Yod cövhəri, tibbi spirt, xloramin, rivanol, kalium-permanqanat məhlulları və s. kimi antiseptik maddələrdən daha geniş istifadə edilir[1].

Fərdi sarğı paketi

[redaktə | mənbəni redaktə et]
Fərdi sarğı paketi

Fərdi sarğı paketi ölçüləri 32x17,5 sm olan iki pambıq tənzif yastıqçadan və eni l0 sm, uzunluğu 7m olan bintdən ibarətdir. Yastıqçalar və bint sterildir, mumlu (perqament) kağıza bükülmüşdür. Paketin xarici örtüyü rezinli parçadan hazırlanmışdır. Sarğı qoyarkən paketi sol əllə tutub, sağ əllə onun xarici örtüyünü kəsmə xətti üzrə cırırlar. İkitərəfli yaralanma zamanı, hərəkət edən yastıqçaları bint boyu lazımi məsafəyə çəkib, yaranın giriş və çıxış deşiklərinin üzərini örtürlər. İkiyastıqçalı paketlərdən əlavə, tərpənməz biryastıqçalı paketlər də vardır[1].

Steril və qeyri-steril bintlər sarınmış halda olan tənzif zolaqdan ibarətdir. Bintin sarınmış hissəsinə bintin yumağı, sərbəst ucuna isə bintin ucu deyilir. Steril bintlər perqament kağıza hermetik bükülü olur.

Steril və qeyri-steril bintlər

Steril salfetlər bir neçə qat qatlanmış və hərəsində 20 ədəd olmaqla mumlu kağıza hermetik bükülmüş dördkünc tənzif parçalarından ibarətdir.

Böyük salfetlərin ölçüləri 70x68 sm, kiçik salfetlərinki 68x35 sm-dir.

Kiçik steril sarğı eni 14 sm, uzunluğu isə 7 m olan bintdən və onun ucuna tikilmiş 56x29 sm ölçülü bir pambıq tənzif yastıqçadan ibarətdir.

Böyük steril sarğının isə 65x45 sm ölçülü yastıqçası olur ki, ona bərkidici altı qaytan tikilmişdir. Sarğıdan geniş yaralar və yanıqlar zamanı istifadə edilir.

Steril pambıq 25 və 50 qramlıq, qeyri-steril pambıq isə 50 və 250 qramlıq bağlamalarda buraxılır və yaraya sıxıcı sarğı qoyarkən işlədilir.

Steril pambıq

Kompres pambığı (boz pambıq) şin salarkən yumşaq altlıq və kompres (yaş sarğı) üçün işlədilir. Adi pambığı liqninlə əvəz etmək olar.

Ləçək sarğılar başa, sinəyə, bazu, dirsək, diz oynaqlarına, ələ, ayağa, aralığa sarğı qoyanda işlədilir. Ləçək steril deyilsə, onda yaranın üstünü əvvəlcə steril bintlə örtür, sonra onu ləçəklə bərkidirlər. Tabel sarğı materialı olmadıqda və ya çatışmadıqda əlaltı vasitələrdən istifadə edirlər. Bu məqsədlə Maştafarov sarğıları daha rahat və sərfəlidir. Onları müxtəlif ölçüdə parça (döşəkağı, alt köynək və s.) hissələrindən istifadə etməklə hazırlayır və bərkitmək üçün uclarını kəsib bağ kimi istifadə edirlər. Əvvəlcə yaranın üstünə steril bint və ya salfet (lazımi hallarda, həmçinin pambıq) qoyur, sonra sarğının uclarını bağ kimi düzəldilmiş parça ilə sarıyıb bərkidirlər. Sinəyə, süd vəzilərinə, qarına, ətraflara Maştafarov sarğısı qoymaq olar[1]. .

Ləçək sarğılar
  1. 1 2 3 4 5 6 "Sarğı və sarğı qoymaq haqqında anlayış" (az.). azkurs.org. 10.10.2019. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.